SİYASƏT
Finlandiyanın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə məlumatlandırılıb
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Finlandiya arasında əməkdaşlıq perspektivləri, növbəti il Finlandiyanın ATƏT-ə sədrliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycanın COP29 Sədrliyi zamanı iqlim dəyişmələri ilə mübarizə sahəsində əldə edilmiş tarixi əhəmiyyətli razılıqları, ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində səyləri diqqətə çatdırıb.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə ətraflı məlumatlandırılıb. Sülh müqaviləsinin bir çox müddəalarının artıq razılaşdırılmasına, habelə sərhədlərin delimitasiyası üzrə irəliləyişlərin mövcudluğuna baxmayaraq, Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə törətdiyi bildirilib.
C.Bayramov, eyni zamanda, Finlandiyaya qarşıdan gələn il ATƏT-ə sədrliyi dövründə uğurlar arzu edib, Təşkilatın funksionallığı və effektivliyinin artırılması istiqamətində səyləri dəstəkləməyə hər zaman hazır olduğumuzu qeyd edib. Xüsusilə ATƏT-in keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin qalığı olan təsisatlarının artıq aktuallığını itirməsi baxımından ləğvinin Təşkilatın fəaliyyətinin səmərəliliyi istiqamətində əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.