Fiziki şəxslərin icarədən əldə etdikləri gəlir sosial sığortaya cəlb olunurmu?
Bakı, 18 yanvar, AZƏRTAC
Fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti göstərən şəxsləri maraqlandıran məsələlərdən biri də əmlaklarının icarəyə verilməsi zamanı məcburi dövlət sosial sığortasına (MDSS) cəlb olunub-olunmaması və hesabatlılıqla bağlıdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.
O bildirib ki, Vergi Məcəlləsinin tələblərinə görə, fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə etdiyi gəlirlər ödəmə mənbəyində 14 faiz vergiyə cəlb olunur: “Baxmayaraq ki, bir çox hallarda, həmin fiziki şəxslər vergiödəyicisi kimi vergi orqanlarında uçota dururlar, icarə haqqına görə onlara ödənilən məbləğin 14 faizi ödəmə mənbəyində vergiyə cəlb edilir. Ancaq icarəçi vergiödəyicisi olmayan fiziki şəxs olarsa, bu zaman əmlakını icarəyə verən fiziki şəxs VÖEN almalı, illik gəlir vergisi bəyannaməsi təqdim etməli, 14 faizlik vergi ödəməlidir”.
A.Cəfərov diqqətə çatdırıb ki, fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə etdiyi gəlirlər Məcburi Dövlət Sosial Sığorta tutulmayan gəlir növlərinə aiddir. Ona görə də, əmlakını icarəyə verən fiziki şəxslər heç bir sosial sığorta haqqına cəlb edilmirlər.
Həmçinin nəzərə çatdırılıb ki, vergiödəyicisi kimi uçota durmuş fiziki şəxs əmlakını icarəyə verərkən ondan vahid bəyannamənin təqdim edilməsi tələb olunarsa, bu halda həmin mükəlləfiyyətin ləğv edilməsi ilə bağlı vergi orqanına məlumat verilməlidir. Əks halda, həmin fiziki şəxsə hər rüb 40 manat maliyyə sanksiyası tətbiq olunacaq.