Florian Zenqstşmid: Hindistan Azərbaycan turizmi üçün vacib bazardır
Bakı, 21 avqust, AZƏRTAC
Hindistan Azərbaycan turizmi üçün vacib bazardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 21-də Azərbaycan və Hindistanın 30-a yaxın turizm nümayəndəsi arasında keçirilən onlayn tədbir zamanı Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid deyib.
O qeyd edib ki, Azərbaycan və Hindistanın mədəniyyəti, tarixi və adət-ənənələri arasında bənzərlik ölkələrarası turizm əlaqələrini daha da möhkəmləndirir.
Florian Zenqstşmid ATB-nin SATTE və OTM sərgilərində iştirakı, eləcə də Hindistan mediası ilə əməkdaşlıq barədə məlumat verib. O, Hindistanın turizm sənayesinin nümayəndələrini cari ilin oktyabr ayında keçiriləcək “Travel Business Azerbaijan” tədbirində iştirak etməyə dəvət edib.
Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan Turizm Operatorları Assosiasiyasının (IATO) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə, həmçinin Hindistan Turizm Operatorları Assosiasiyasının prezidenti Pronab Sarkar, Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna iştirak ediblər.
Müxtəlif mövzularda təqdimatların keçirildiyi tədbir sual-cavab sessiyası ilə başa çatıb.