Forum haqqında Əsasnamənin layihəsini mükəmməlləşdirmək qərara alınıb
Minsk, 26 fevral, AZƏRTAC
Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Forumu haqqında Əsasnamə layihəsinin mükəmməlləşdirilməsi və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.
MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən bu barədə AZƏRTAC-a verilən məlumata görə, iclas iştirakçıları sənədin layihəsinə dair irad və təklifləri müzakirə edib və əsasən razılaşdırıblar.
Ekspertlər qeyd ediblər ki, forumun təşkilinin maliyyə aspektləri ilə bağlı məsələlərin əlavə işlənilməsi tələb olunur. Onlar forumun məqsəd və vəzifələrini, forumun təşkilat komitəsinin və katibliyinin statusunu və funksiyalarını konkretləşdirmək fikri ilə razılaşıblar.
MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Forumu çərçivəsində Birliyin alimləri forumunun keçirilməsinin məqsədəuyğun olması barədə RF-nin təklifi də müzakirə edilib. Bu məsələyə cari ilin ikinci rübündə keçirilməsi nəzərdə tutulan növbəti iclasda bir daha qayıtmaq qərara alınıb.
Yaradıcı və elmi ziyalıların Forumu haqqında Əsasnamənin layihəsinə dair irad və təkliflərin bildirilməsi üçün bu sənəd Birlik iştirakçısı olan dövlətlərə və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna göndəriləcək.
Ekspert qrupunun iclasında Azərbaycan, Belarus, Qazaxıstan (müşahidəçi kimi), Qırğızıstan, Moldova, Rusiya və digər ölkələrin səlahiyyətli vəzifəli şəxsləri, habelə MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk