Françesko La Kamera: Enerji keçidi iqtisadi və strateji zərurətdir
Bakı, 7 sentyabr, AZƏRTAC
Enerji keçidi yalnız iqlim zərurəti deyil, həm də iqtisadi və strateji zərurətdir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW 2026) açılışında deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə son hadisələr enerji bazarlarında yaranan pozuntuların regiondan kənarda da iqtisadiyyata, sənayeyə və ev təsərrüfatlarına nə qədər sürətlə təsir göstərə bildiyini bir daha nümayiş etdirib.
“Enerji keçidi yalnız bərpaolunan enerji güclərinin artırılması ilə məhdudlaşmır. Daha dayanıqlı, çevik və təhlükəsiz enerji sistemlərinin qurulması üçün elektrik şəbəkələrinə, enerji saxlama sistemlərinə, rəqəmsallaşmaya və sistem çevikliyinə investisiyalar artırılmalıdır. Bərpaolunan enerjiyə keçid artıq sürətlənir, bu proses enerji sistemlərinin təhlükəsizliyini və dayanıqlığını da gücləndirir. 2025-ci ildə dünyada bərpaolunan enerji güclərinin artımı rekord həddə – 692 giqavata çatıb. İlin sonuna bərpaolunan enerji qlobal quraşdırılmış elektrik enerjisi gücünün 49 faizini, yeni əlavə olunan güclərin isə 85 faizini təşkil edib. Bu sürətli artım artıq konkret nəticələr verir.
IRENA-nın son təhlillərinə əsasən, mövcud bərpaolunan enerji gücləri 2025-ci ildə illik 480 milyard dollar həcmində qalıq yanacaq xərclərinin və 8,4 milyard ton karbon qazı emissiyasının qarşısını alıb. Bizim ümumi prioritetimiz 2030-cu ilədək bərpaolunan enerji güclərini üç dəfə artırmaq, enerji səmərəliliyinin yaxşılaşdırılması tempini iki dəfə sürətləndirmək, elektrik şəbəkələrinə, enerji saxlama sistemlərinə və dayanıqlı yanacaqlara investisiyaları sürətləndirməkdir”, - deyə IRENA-nın Baş direktoru vurğulayıb.
Françesko La Kamera vurğulayıb ki, əsas çağırış qəbul edilmiş qlobal öhdəliklərin icrasıdır. Onun sözlərinə görə, enerji keçidi ilə bağlı öhdəliklər enerjinin istehsal, ötürülmə və istehlak formasında real dəyişikliklərə çevrilməlidir. O qeyd edib ki, enerji keçidinin qalıq yanacaqlardan uzaqlaşma istiqamətində həyata keçirilməsi ilə bağlı IRENA-nın fəaliyyəti məhz bu icra çağırışına cavab verməyə yönəlib.