Tarixçi: Tarixi və mədəni irsin qorunması hər birimizin vətəndaşlıq borcudur
Gəncə, 7 sentyabr, AZƏRTAC
Tarixi abidələr xalqın keçmişini, mədəniyyətini və milli dəyərlərini özündə əks etdirən qiymətli irs nümunələridir. Əsrlər boyu qorunaraq günümüzə gəlib çatan bu sərvətlər gələcək nəsillərə olduğu kimi ötürülməlidir. Təəssüf ki, bəzi şəxslər tarixi abidələrin üzərini bəzi yazılarla korlayırlar. Bu davranış yolverilməzdir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova deyib.
“Hər bir insan tarixi abidələri qorumağın öz vətəndaşlıq borcu olduğunu anlamalıdır. Abidələrin üzərinə yazı yazmaq əvəzinə, onları təmiz və bütöv şəkildə gələcək nəsillərə çatdırmaq lazımdır. Tarixə hörmət etmək öz keçmişimizə, mədəniyyətimizə və xalqımıza hörmət etmək deməkdir. Unutmamalıyıq ki, tarixi abidələr bütün cəmiyyətə məxsus milli sərvətdir. Buna görə də onları qorumaq hər birimizin borcudur”, – deyə tarixçi bildirib.
S.Qasımovanın sözlərinə görə, Şuşada qayalara adların yazılması məsələsi də diqqət tələb edən həssas mövzulardandır: “Bu gün dövlətimiz tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi müxtəlif layihələr, abidələr və memorial komplekslərlə əbədiləşdirilir. Şəhidlərimizin adına hörmət qayalara, tarixi binalara yazı yazmaqla deyil, həmin irsi qorumaqla göstərilməlidir”.
Müxbir - Elcan Məmmədov