Şəhid atası: Şəhidlərimizin adını qayalara yazmağa ehtiyac yoxdur, onlar qəlbimizdədir
Qəbələ, 7 sentyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur bu gün azadlığın, böyük Zəfərin və sürətli yenidənqurma işlərinin rəmzinə çevrilib. Otuz ilə yaxın işğal dövründə xaraba qoyulmuş tarixi-mədəni irsimiz dövlətimiz tərəfindən böyük diqqətlə bərpa olunur. Lakin son zamanlar azad edilmiş ərazilərdə, xüsusən Şuşa kimi müqəddəs məkanlarda daş və qayaların üzərinə yazıların yazılması cəmiyyətdə də haqlı narazılıq doğurub.
Qəbələ rayonundan olan şəhid Xeyirbəy Səfərçinovun atası Cəlil Səfərçinov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, şəhidlərimizin əziz xatirəsini yaşatmaq hər bir vətəndaşın mənəvi borcu olsa da, bunun yolu təbiətə və tarixi abidələrə xələl gətirməkdən keçmir: “Bizim övladlarımız azad edilən o torpaqların hər qarışına öz canlarını və qanlarını verdilər. Onlar öz adlarını Azərbaycanın şanlı tarixinə silinməz hərflərlə yazıblar. Şəhid adını qayaların üzərinə yazmağa ehtiyac yoxdur. Onlar bizim qəlbimizdədirlər”.
“Azad edilmiş ərazilərin təmizliyini, təbii görünüşünü və tarixi toxunulmazlığını qorumaq şəhidlərimizin ruhuna göstərilən ən böyük ehtiramdır”, - deyən şəhid atası hər kəsi daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
Müxbir - Rasim İslamoğlu