Birmingemdə imzalanan Bardella–Farac anlaşması Fransada siyasi mübahisə doğurub
Paris, 7 sentyabr, AZƏRTAC
Milli Birlik (Rassemblement National RN) partiyasının lideri Jordan Bardella ilə Böyük Britaniyanın Reform UK partiyasının rəhbəri Nigel Farac Birmingemdə iki partiyanın hakimiyyətə gələcəyi təqdirdə miqrasiya məsələsində əməkdaşlığı nəzərdə tutan memorandum imzalayıblar.
AZƏRTAC xbər verir ki, sənədə əsasən, Böyük Britaniyaya La-Manş boğazı vasitəsilə Fransadan keçərək gələn mühacirlərin saxlanılaraq, Fransaya geri göndərilməsi, onların mənşə ölkələrinə qaytarılmasının isə Paris tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Sənəd, həmçinin iki ölkənin sərhəd təhlükəsizliyi ilə bağlı xərclərin bölüşdürülməsini ehtiva edir.
Bardella və Farac tərəfindən “tarixi sənəd” kimi təqdim edilən memorandum hazırda nə Fransa, nə də Böyük Britaniya hökumətini hüquqi cəhətdən öhdəlik altına salır. Onun həyata keçirilməsi 2027-ci ildə RN-in Fransada prezident seçkilərində qalib gəlməsindən və Reform UK-nin Böyük Britaniyada hakimiyyətə gəlməsindən asılıdır.
Birmingemdə çıxış edən Jordan Bardella bildirib ki, RN 2027-ci ildə hakimiyyətə gələrsə, Fransanın Böyük Britaniyaya qeyri-qanuni miqrasiyanın “giriş qapısı” olmaması üçün bütün imkanlardan istifadə edəcək.
Nigel Farac isə Britaniya hakimiyyətinin Fransa sahillərindən çıxaraq Britaniyanın ərazi sularına daxil olan qayıqları saxlayacağını və onların Fransaya qaytarılmasını təmin edəcəyini bildirib.
Fransada siyasi reaksiyalar
Razılaşma Fransada müxtəlif siyasi reaksiyalara səbəb olub. Bəzi siyasətçilər Bardellanı tənqid edərək, onun Böyük Britaniyanın qəbul etmək istəmədiyi əcnəbilərin Fransaya qaytarılmasını qəbul etdiyini bildiriblər. O, siyasi ittifaqın “Fransanın sərhədlərinin və xalqının bütövlüyü” hesabına qurulmamalı olduğunu vurğulayıblar.
“Əyilməz Fransa” partiyasının (La France insoumise LFI) lideri Jan-Lük Melanşon da memorandumun əleyhinə çıxaraq, belə bir razılaşmanın Fransanı gələcəkdə Böyük Britaniyanın “sərhəd keşikçisi”nə çevirə biləcəyini iddia edib.
Bu partiyalararası razılaşma Paris və Londonun La-Manş boğazından qeyri-qanuni keçidlərin qarşısını almaq üçün mövcud əməkdaşlığını gücləndirdiyi bir vaxtda imzalanıb. Fransa aprelin 23-də 2026-cı ildə imzalanmış ikitərəfli razılaşma çərçivəsində ölkənin qərb sahillərində əlavə 45 polis əməkdaşı yerləşdirməyi planlaşdırır.