Ehtiyatda olan baş leytenant: Şuşa bizim hamımıza əmanətdir
İmişli, 7 sentyabr, AZƏRTAC
İşğaldan azad olunmuş torpaqlarda, tarixi məkanlarda, o cümlədən Şuşanın Cıdır düzündə qayaların üzərinə müxtəlif yazıların həkk olunması yolverilməzdir. Tarixi irsimizi qorumaq hər birimizin borcudur.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında müharibə iştirakçısı, ehtiyatda olan baş leytenant Emil Əsədov bildirib.
“Xəritədə bir nöqtə kimi görünən torpaq parçasının arxasında bəzən illərlə davam edən mübarizə, insanların həsrəti, şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı dayanır. Ona görə də Şuşaya, xüsusilə Cıdır düzünə gələndə insan burada adi bir təbiət mənzərəsi görməməlidir. Şuşanın azadlığı uğrunda döyüşən insanların əsas məqsədi bu torpaqları düşməndən təmizləmək və onu gələcək nəsillərə əmanət etmək idi. Bu gün biz həmin torpaqlarda sərbəst gəzir, Cıdır düzünün mənzərəsini seyr ediriksə, bunun qiymətini bilməliyik", - deyə o bildirib.
Qayaların üzərinə yazıların həkk olunmasının düzgün olmadığını vurğulayan E.Əsədov deyib: “Şuşa bizim hamımıza əmanətdir. Burada qayalara yazı yazmaq, təbiətə zərər vurmaq həmin əmanətə hörmətsizlikdir. Bizim nəsil Qarabağın işğalını da gördü, azad olunmasını da. Ona görə də bu torpaqların hər qarışının dəyərini daha yaxşı bilməliyik. Gələcək nəsillər isə Şuşanı yalnız bizim danışdıqlarımızdan deyil, onun qorunub saxlanılmış təbiətindən, tarixindən və mədəni irsindən tanımalıdır”.
Müxbir-Aydın Yavərzadə