Lazer hamarlama texnologiyasının tətbiqinə yeni subsidiya veriləcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Lazer hamarlama texnologiyasının tətbiqinə yeni subsidiya veriləcək.
AZƏRTAC xəbər verir ki, torpaq və su resurslarından daha səmərəli istifadə etmək məqsədilə lazer hamarlama texnologiyasından istifadə edən fermerlərə daha artıq subsidiya tətbiq ediləcək. Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl sahədə lazer hamarlama tətbiqinin ilk ilində əkin subsidiyası 250 AZN/ha artırılaraq ödəniləcək. Pambıqçılıq rayonlarında azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiqinin ilk ilində məhsul subsidiyası 50 AZN/ton artırılaraq ödəniləcək.
Lazer hamarlama aparılan sahələr Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan ediləcək, sahənin monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.