“Araz-Naxçıvan”ın futbolçusu: “Qarabağ” kimi komandalara qarşı oynamaq hər zaman çətindir
Bakı, 7 sentyabr, AZƏRTAC
“Qarabağ” çox keyfiyyətli heyətə malik, Çempionlar Liqası və Avropa Liqası təcrübəsi olan güclü komandadır. Bizim üçün çətin oyun alındı. İndi baş məşqçimizlə birgə işləyib səhvlərimizi düzəltməli və növbəti matçlara hazırlaşmalıyıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Bruno Franko Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Braziliyalı müdafiəçi komandanın toparlanmağa ehtiyacı olduğunu söyləyib: “Məğlubiyyətin səbəblərini təhlil etmək lazımdır. Yaxşı baş məşqçimiz var və onun məşqlərdə verdiyi tapşırıqları meydanda tam anlamağımız vacibdir. Psixoloji olaraq hazırlaşmalı, vəziyyəti öz qüvvəmizlə düzəltməyə çalışmalıyıq”.
Futbolçu mövsümün qalan hissəsindəki hədəflərini və komandanın durumunu qiymətləndirib: “Hələ heç bir oyunda qələbə qazana bilməmişik. Buna görə də mövcud vəziyyətdən tez bir zamanda çıxmalıyıq. Ən azı çempionatda öz oyunumuzu tapmalı və liqada addım-addım irəliləməliyik. Şəxsi çıxışıma gəlincə, daha yaxşı oynaya biləcəyimi bilirəm. Lakin hamının bir-birinə kömək etdiyi kollektivdə oynamaq daha asandır. “Qarabağ” kimi komandalara qarşı mübarizə aparmaq isə hər zaman çətindir”.
Qeyd edək ki, bu nəticədən sonra “Qarabağ” 9 xalla 3-cü sırada yer alıb. Naxçıvan klubu isə 1 xalla 11-ci pilləni tutur.