Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
Bakı, 7 sentyabr, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında 58-ci teatr mövsümünün başlanması ilə bağlı kollektivin ümumi iclası keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, toplantıda ötən mövsümün yekunları nəzərdən keçirilib, yeni mövsümdə qarşıda duran əsas vəzifələr, yaradıcılıq planları və həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.
İclasda çıxış edən teatrın direktoru Samir Şəfiyev kollektiv üzvlərini yeni mövsümünün başlanması münasibətilə təbrik edərək ötən mövsümün uğurlu və məhsuldar keçdiyini bildirib. Qeyd olunub ki, mövsüm ərzində tamaşa planı uğurla icra edilib, yeni səhnə əsərləri hazırlanaraq tamaşaçılara təqdim olunub.
Direktor yeni mövsümdə də repertuarın zənginləşdirilməsi, yüksək bədii keyfiyyətə malik tamaşaların hazırlanması, tamaşaçı auditoriyasının genişləndirilməsi və yeni yaradıcılıq layihələrinin həyata keçirilməsinin prioritetlərdən olacağını vurğulayıb.
Teatrın yaradıcılıq şöbəsinin müdiri Xalq artisti Firudin Məhərrəmov yeni mövsümdə yaradıcılıq prosesinin daha da təkmilləşdirilməsi, yeni səhnə axtarışlarının aparılması və yaradıcı heyətin potensialından səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.
Bildirilib ki, yeni mövsümdə klassik və müasir dramaturgiya nümunələrinin repertuara daxil edilməsi, müxtəlif janrlarda tamaşaların hazırlanması, xüsusilə gənclərin teatr sənətinə marağının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Toplantıda, həmçinin teatrın müxtəlif mədəni layihələrdə iştirakının artırılması, digər yaradıcı qurumlarla əməkdaşlığın genişləndirilməsi və tamaşaçılarla əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, Sumqayıt teatrı yeni mövsümü sentyabrın 25-də E.Sərxanoğlunun "Ölməz" tamaşası ilə açacaq.