Yalçın Rəfiyev: Maliyyə icranın mümkün olmasını təmin edən əsas amildir
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakıda keçirilən COP29-da razılaşdırılmış yeni iqlim maliyyəsi inkişaf etməkdə olan ölkələr üçün əlçatan və münasib maliyyə resurslarına çevrilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın açılış mərasimindəki çıxışında deyib.
Y.Rəfiyev bildirib ki, yeni iqlim maliyyəsinin məqsədi çərçivəsində 2035-ci ilədək illik ən azı 300 milyard ABŞ dollarının səfərbər edilməsi, maliyyə axınlarının isə illik 1,3 trilyon dollara qədər artırılması istiqamətində səylərin getdikcə real nəticələrə çevrilməsi vacibdir.
COP29-un Baş danışıqçısı qeyd edib ki, maliyyə iqlim fəaliyyətinin icrasının ikinci dərəcəli məsələsi deyil: “Maliyyə icranın yan məsələsi deyil. Maliyyə icranı mümkün edən əsas amildir”.
Onun sözlərinə görə, COP31-də iqlim öhdəliklərinin praktiki həyata keçirilməsi əsas müzakirə mövzularından biri olmalıdır və bunun üçün maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsi vacibdir.