Fransa 2032-ci ilədək 125 milyard avro tapmalı olacaq, amma necə?
Paris, 16 iyul, AZƏRTAC
Fransa hökumətinin tapşırığı ilə hazırlanmış və ictimaiyyətə təqdim olunan yeni hesabat ölkənin dövlət maliyyəsi ilə bağlı ciddi xəbərdarlıq edir. Sənəddə bildirilir ki, mövcud iqtisadi və fiskal siyasət dəyişməz qalacağı təqdirdə, 2030-cu ildə büdcə kəsiri ÜDM-in 6,8 faizinə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu ssenarinin qarşısını almaq üçün isə Fransa 2032-ci ilə qədər əlavə 125 milyard avro maliyyə vəsaiti tapmalıdır. Hesabat müəlliflərinin proqnozuna görə, mövcud siyasət davam edərsə, dövlət xərcləri gəlirlərdən daha sürətlə artacaq və bu da artıq ÜDM-in 5,1 faizini təşkil edən büdcə kəsirini 2030-cu ildə 6,8 faizə yüksəldəcək.
Mütəxəssislər dövlət borcunun da əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar. Hesabata əsasən, borcun həcmi 2026-cı ildə ÜDM-in 118 faizindən 2030-cu ildə 130 faizinə yüksələcək. Bu isə son iyirmi ildə 34 faiz bəndi artım deməkdir. Beləliklə, dövlət borcu Fransanın təxminən 1,3 illik iqtisadi istehsalına bərabər olacaq.
Bu artımın əsas səbəblərindən biri dövlət borcuna xidmət xərclərinin yüksəlməsidir. Faiz ödənişlərinin 2030-cu ilə qədər hər il təxminən 10 milyard avro artacağı, ümumilikdə isə əlavə 46 milyard avroya çatacağı gözlənilir.
Hesabat müəlliflərinin fikrincə, əhalinin qocalması dövlət maliyyəsi üçün əsas risklərdən biridir. Təqaüdçülərin sayının və pensiya ödənişlərinin artması nəticəsində pensiya xərclərinin 2030-cu ilə qədər 47 milyard avro və ya 13 faiz yüksələcəyi gözlənilir.
Xatırladılır ki, Fransada pensiya üzrə ümumi xərclər artıq 422 milyard avroya, yəni ÜDM-in 14,1 faizinə çatır və dövlət xərclərinin təxminən dörddə birini təşkil edir. Səhiyyə xərclərinin də eyni dövrdə 40 milyard avro və ya 15 faiz artacağı proqnozlaşdırılır. Digər mühüm amil isə müdafiə sahəsinə ayrılan vəsaitdir. Hərbi proqramlaşdırma haqqında son qanuna əsasən, 2030-cu ilə qədər müdafiə büdcəsinə əlavə 19 milyard avro yönəldiləcək. Eyni zamanda, Fransanın Avropa İttifaqına ödədiyi üzvlük töhfəsinin də 10 milyard avro artaraq 2030-cu ildə 38 milyard avroya çatacağı gözlənilir.
Bütün bu amilləri nəzərə alan iqtisadçılar dövlət maliyyəsinin sabitliyini qorumaq üçün 2032-ci ilə qədər 125 milyard avroluq əlavə maliyyə resursunun tapılmasının zəruri olduğunu bildirirlər. İqtisadçılar dövlət xərclərinin avtomatik şəkildə inflyasiyaya indeksləşdirilməsi mexanizminin yenidən nəzərdən keçirilməsini zəruri hesab edirlər. Onların fikrincə, dövlət maliyyəsinin uzunmüddətli sabitliyini təmin etmək üçün bu istiqamətdə islahat qaçılmazdır.