FRANSA DİPLOMATINA ETİRAZ BİLDİRİLDİ
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 20-də Fransa Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Tibo Furye Xarici İşlər Nazirliyinə dəvət olunmuş, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilmişdir.
X.Xələfov Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının nümayəndəsi Arkadi Qukasyanın Fransa Respublikasına “səfəri” zamanı bu ölkənin Xarici İşlər Nazirliyinin və parlamentinin bir sıra rəsmi şəxsləri ilə görüşlərindən Azərbaycan tərəfinin ciddi narahat olduğunu və etiraz etdiyini bildirmişdir.
Separatçıların nümayəndəsinin ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Milli Məclisinin vitse-spikeri, eləcə də Xarici İşlər Nazirliyinin idarə rəisi, Minsk qrupunun həmsədri ilə və bir sıra deputatlarla görüşlər keçirməsinin və müzakirələr aparmasının qəbuledilməz olduğu, bu faktın Azərbaycan tərəfində dərin təəssüf hissi doğurduğu Fransa diplomatının diqqətinə çatdırılmışdır.
Daha sonra X. Xələfov bildirmişdir ki, işğalçı və separatçı qüvvələrin nümayəndəsi ilə belə rəsmi təmaslar BMT Təhlükəsizlik Şurasının üzvü, Avropanın aparıcı dövlətlərindən biri kimi Fransanın dünyada sülh və sabitliyin bərqərar olunmasında, o cümlədən Minsk qrupunun həmsədri qismində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daşıdığı vasitəçilik öhdəliklərinə və roluna uyğun gəlmir, Azərbaycan-Fransa dostluq və tərəfdaşlıq münasibətləri baxımından anlaşılmazlıq yaradır və Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına, regionda sülhün əldə edilməsinə mənfi təsir göstərən amil kimi qiymətləndirilir.
Müvəqqəti işlər vəkili Tibo Furye isə Arkadi Qukasyanın Parisə səfərinin şəxsi xarakter daşıdığını bildirərək, Fransa dövlətinin mövqeyinin dəyişməz olduğunu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Dağlıq Qarabağın qondarma erməni qurumunu tanımadığını vurğulamışdır.
Cənab Furye Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrinin separatçıların nümayəndəsi ilə görüşünə toxunaraq bildirmişdir ki, həmsədrlər regiona səfərləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərləri kimi, Qukasyanın Fransaya şəxsi səfəri zamanı onunla keçirdiyi görüş də bölgənin ümumi vəziyyəti ilə bağlı tanışlıq xarakteri daşımışdır. Cənab Furye bir daha vurğulamışdır ki, separatçıların nümayəndəsi ilə keçirilmiş görüşlər qeyri-rəsmi xarakter daşımış və Fransanın Azərbaycanla bağlı mövqeyini dəyişdirməmişdir.
Nazir müavini X.Xələfov gələcəkdə bu cür görüşlərin keçirilməsinə yol verilməməsi barədə Azərbaycan tərəfinin mövqeyini Fransa Xarici İşlər Nazirliyinə çatdırmağı diplomatdan xahiş etmiş və belə xoşagəlməz halların təkrarlanmaması və aradan qaldırılması üçün Fransa tərəfi ilə qarşılıqlı fəaliyyətin zəruri olduğunu vurğulamışdır.