Fransa: Diplomatiya yoxsa maraqlar oyunu?
Paris, 17 iyul, AZƏRTAC
2021-ci ildə Fransa ilə Avstraliya arasında imzalanmış 56 milyard avroluq nəhəng sualtı qayıq müqaviləsinin qəfil ləğvindən sonra Paris indi yenidən “əməkdaşlığa dönüş” görüntüsü yaratmağa çalışır. Dörd il əvvəl diplomatik fiasko yaşayan Fransa, indi AUKUS alyansında yaranan çatları fürsət bilib Avstraliya ilə münasibətlərini yenidən bərpa etmək istəyir. Amma bu təşəbbüs nə qədər səmimidir? Yoxsa Fransa sadəcə öz iqtisadi maraqlarının ardınca gedir?
AZƏRTAC xəbər verir ki, Fransanın “Naval Group” şirkəti ilə Avstraliya arasında bağlanmış müqavilənin 2021-ci ildə qəfil ləğvi Parisdə ciddi narazılıq doğurmuşdu.
Heç bir xəbərdarlıq etmədən Avstraliya ABŞ və Böyük Britaniya ilə AUKUS (Avstraliya, Birləşmiş Krallıq və ABŞ arasında üçtərəfli hərbi əməkdaşlıq) adlı yeni təhlükəsizlik alyansına qoşularaq nüvə mühərrikli sualtı qayıqlara üstünlük verdi. Fransa bunu açıq-aşkar xəyanət kimi qəbul etdi. Həmin vaxtdan rəsmi Parisin bütün ritorikası daha çox inciklik və itirilmiş nüfuzun bərpasına yönəlib.
İndi isə ABŞ-dakı istehsal gecikmələri və “Əvvəlcə Amerika” siyasətinin nəticəsində AUKUS daxilində narazılıqlar artmaqdadır. Bu fürsətdən istifadə edən Fransa yenidən Avstraliyaya yaxınlaşmağa çalışır. Amma bu yaxınlaşma Fransa üçün prinsipialdır, yoxsa bu, sadəcə itirilmiş milyardların və sənaye maraqlarının təkrar təmin edilməsinə yönəlmiş bir strategiyadır?
Fransa tərəfi indi "dostuq", "münasibətlər yaxşıdır" kimi bəyanatlar versə də, bu ritorika dörd il əvvəlki “xəyanət” ritorikasını kölgədə qoya bilmir. Fransa sadəcə Avstraliyanın mövcud vəziyyətindən faydalanmağa çalışır. Bu, qlobal silah bazarında əldən çıxmış mövqelərin geri qaytarılması üçün aparılan klassik diplomatik oyundur. Həm də “Naval Group”un gələcəyi baxımından Fransa üçün prestij məsələsidir.
Bu gün Fransanın Avstraliya ilə "əməkdaşlığa qayıtdıq" deməsi, səmimi bir tərəfdaşlığın göstəricisi deyil, daha çox iqtisadi və strateji maraqların bərpası kimi görünür. AUKUS-un çətinliklər yaşadığı bir vaxtda Fransa özünü alternativ kimi təqdim edir. Amma bu, gələcəkdə bir daha "yarı yolda qoyulmayacağının" zəmanəti deyil. Avstraliya üçün bu, diqqətlə nəzərdən keçirilməli bir seçimdir. Fransa isə görünür hələ də keçmiş uğursuzluqlarının kölgəsində öz yerini tapmağa çalışır.