SİYASƏT
Fransa separatizmi dəstəkləməklə beynəlxalq münasibətlərin təməl prinsiplərini pozur-Şərh
![Fransa separatizmi dəstəkləməklə beynəlxalq münasibətlərin təməl prinsiplərini pozur-Şərh](/files/2022/3/1200x630/16707429612968430553_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
Ermənistan-Azərbaycan münaqişəsinin başladığı ilk illərdən etibarən Fransa tərəfindən ölkəmizə qarşı qərəzli münasibətin şahidiyik. Bu qərəz 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) münaqişə haqqında qətnamələr müzakirə edilərkən özünü qabarıq şəkildə göstərdi. Fransa bu müzakirələrdə Ermənistanı əsas ittihamlardan qoruyaraq, ona qarşı beynəlxalq ictimaiyyətin sanksiya və təzyiqlərinin qarşısını aldı. Fransanın bu dəstəyi işğalçı dövləti öz təcavüzkar siyasətində daha da həvəsləndirdi. Belə ki, 44 günlük Vətən müharibəsinin başladığı vaxta qədər Ermənistanın inadkar mövqe tutmasının, sülh danışıqlarını uzatmasının və son nəticədə işğalı davam etdirməsinin əsas səbəbkarlarından biri, məhz Fransanın bu dəstəyi oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Vasif Hüseynov söyləyib.
“Təsadüfi deyil ki, müharibədə Ermənistanın biabırçı məğlubiyyətə düçar olması və işğal etdiyi torpaqlardan geri çəkilməsi Fransada ermənipərəst qrupları narahat edirdi. Bu səbəbdən də onları Azərbaycanın qarşısını almaq üçün addımlar atmağa sövq edirdi. Bunun nəticəsidir ki, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı haqqında normalara məhəl qoymadan Fransa parlamentinin hər iki palatası 2020-ci ilin sonlarında Azərbaycanı qoşunlarını sentyabrın 27-dən əvvəlki yerinə çəkməyə çağırmaqla bərabər, qondarma rejimin müstəqilliyini tanıdı”, - deyə ekspert vurğulayıb.
V.Hüseynov qeyd edib ki, müharibədən sonrakı müddət ərazində Ermənistan ilə Azərbaycan arasında başlamış intensiv sülh danışıqları, regionun gələcəyini dəyişəcək və bölgəyə sülh, stabillik gətirəcək təşəbbüslərə baxmayaraq, Fransada bu ermənipərəst dairələr hələ də bu mövqeyini davam etdirir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan artıq dəfələrlə bildirib ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan Respublikasının bir parçasıdır və bütün dünya bunu belə qəbul edir. Bununla belə, Fransa parlamentinin hər iki palatası demək olar ki, yekdilliklə Qarabağda hansısa qondarma rejimə müstəqillik tələb edir, onunla münasibətlər qurmağa, Azərbaycana sanksiya qoymağa çağırır. Bu proses də Cənubi Qafqazda sülhə mane olmaq, bölgədə sabitliyi pozmaq və yerli insanların həyat və əmin-amanlığını təhdid etməkdən başqa bir şey deyil.
“Aydındır ki, Azərbaycana qarşı bu cür destruktiv addımlar atılmasının arxasında Fransadakı erməni icması və bu ölkənin bizim regionla bağlı öz maraqları xüsusi rol oynayır. Lakin Cənubi Qafqazda fransız hərbi birləşmələrinin yeridilməsini, bölgədə Azərbaycan-Türkiyə ittifaqına qarşı bir Fransa-Ermənistan cəbhəsinin yaradılmasını xəyal edən bu qüvvələr heç bir zaman arzularına çatmayacaq. Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də öz sərhədlərini və milli təhlükəsizliyini qorumağa və ona qarşı təhdid yaradan qüvvələri dəf etməyə qadir güclü bir dövlətdir”, - deyə ekspert bildirib.