Fransada Antiterror Prokurorluğu saxlanılan əlcəzairli konsulluq əməkdaşı ilə bağlı mövqeyini dəyişib
Paris, 30 iyun, AZƏRTAC
Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) 2024-cü ilin aprelindən bu ölkədə həbsdə saxlanılan Əlcəzair konsulluğunun əməkdaşı ilə bağlı mövqeyini dəyişib. Daha əvvəl onun azadlığa buraxılmasına qarşı çıxan prokurorluq bu dəfə məhkəmədən konsulluq əməkdaşının məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib.
AZƏRTAC xəbər verir ki, “Le Monde” qəzetinin məlumatına görə, bu tələb müdafiə tərəfinin təqdim etdiyi yeni vəsatətdən sonra irəli sürülüb. Prokurorluğun indiyədək azadlığa buraxılma ilə bağlı bütün müraciətləri rədd etməsi fonunda bu addım mövqedə nəzərəçarpacaq yumşalma kimi qiymətləndirilir.
Prokurorluq iyunun 11-də təqdim etdiyi rəydə bildirib ki, konsulluq əməkdaşının həbsdə saxlanılması artıq əsaslandırılmış hesab edilmir. Bununla belə, iyunun 18-də məhkəmə onun azadlığa buraxılması barədə vəsatəti təmin etməyib. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verib və işə iyulun 13-də yenidən baxılacaq.
Bu dəyişiklik Fransa ilə Əlcəzair arasında diplomatik münasibətlərin normallaşdırılması istiqamətində aparılan səylər fonunda baş verir. Müşahidəçilər hesab edirlər ki, prokurorluğun yeni mövqeyi Fransada həbsdə olan konsulluq əməkdaşının və Əlcəzairdə saxlanılan fransalı jurnalist Kristof Qleyzin işi ətrafında aparılan danışıqlarla əlaqəli ola bilər.
Əlcəzairli diplomat Parisdə siyasi sığınacaq almış əlcəzairli bloger Amir DZ-nin oğurlanması işi çərçivəsində həbs olunmuşdu. Hadisə iki ölkə arasında uzunmüddətli diplomatik böhranı daha da dərinləşdirmiş, tərəflər qarşılıqlı olaraq səfirlərini geri çağırmış və hər iki ölkə 12 konsulluq əməkdaşını ölkədən çıxarmışdı.
Cari ilin əvvəlindən etibarən Paris və Əlcəzair arasında münasibətlərin normallaşdırılması prosesi yenidən başlayıb. Bu çərçivədə Fransa hökumətinin bir neçə naziri Əlcəzairə səfər edib, Fransanın Əlcəzairdəki səfiri isə may ayında bu ölkəyə qayıdıb. Ardınca Əlcəzairin daxili işlər naziri Səid Sayud Parisdə Prezident Emmanuel Makron tərəfindən qəbul olunub. İyun ayında isə iki ölkənin hakimləri birgə hüquqi məsələlərin müzakirəsi məqsədilə görüşlər keçiriblər.