FRANSANI YENİDƏN TƏTİL DALĞASI BÜRÜMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanı yenidən tətil dalğası bürümüşdür. Dünya bazarında neftin qiymətinin qalxması ilə əlaqədar ölkədə benzinin bahalaşmasına etiraz əlaməti olaraq ağır yük maşınlarının, taksilərin sürücüləri, balıqçılar və fermerlər tətilə başlamışlar.
Brüsseldə 400-dən artıq fransız, italyan və portuqaliyalı balıqçı benzinin həddindən artıq baha satılması nəticəsində yaranmış böhrana etiraz edərək nümayiş keçirmişlər.
Parisdə ağır yük maşınlarının sürücüləri paytaxtın ən böyük hava limanı Şarl de Qolla gedən yolda 7 kilometrlik tıxac yaratmışlar.
Ölkənin Pat-e-Korann, Ot-Pirene, Jers, Tam, Lot və digər departamentlərindən Tuluza gəlmiş gənc fermerlər və sürücülər izdihamlı nümayiş keçirmiş və hökumətdən yaranmış vəziyyətlə bağlı dərhal tədbir görməyi tələb etmişlər. Nümayişdə 5 mindən çox adam iştirak etmişdir.
Brötan regionunda taksi sürücüləri Brest şəhərinə gedən əsas yolu blokadaya almışlar.
Kənd təsərrüfatı və balıqçılıq naziri Mişel Barnye gənc fermerlərin nümayəndələrini, nəqliyyat üzrə dövlət katibi Dominik Büssero isə bir qrup nəqliyyat işçisini qəbul etmişlər. Hər iki dövlət rəsmisi həftənin sonuna qədər hökumətin görəcəyi tədbirlər barədə məlumat veriləcəyini vəd etmişlər.