Fransız nazirin fiaskosu: Məhkəmə əlcəzairli influenserin ölkədən çıxmaq öhdəliyini ləğv edib

Paris, 12 fevral, AZƏRTAC
Fransa və Əlcəzair arasında diplomatik gərginliyi daha da kəskinləşdirmiş əlcəzairli influenser Bualem Namanın işində yeni dönüş yaranıb. Fevralın 6-da Melun inzibati məhkəməsi “Dualem” kimi tanınan bu influenserə qarşı çıxarılmış Fransa ərazisini tərk etmək öhdəliyini (OQTF) ləğv edib və Fransa dövlətinin ona 1200 avro ödəməsi ilə bağlı qərar qəbul edib.
Mətbuat açıqlamasında məhkəmə Ero prefekti tərəfindən qəbul edilmiş qərarları ləğv etdiyini bildirib.
Bildirilir ki, məhkəmə prefektura rəhbərliyinə üç ay ərzində şəxsin vəziyyətini yenidən araşdırmağı və bu müddət ərzində ona müvəqqəti yaşayış icazəsi verməyi tapşırıb.
Bu qərar əlcəzairli influenserin dərhal ölkədən çıxarılmasına göstəriş verən Fransa daxili işlər naziri Bruno Retayoya qarşı laqeydlik kimi qəbul edilir. "Əgər o (B. Rötayo), Bualem Namanı qovmaq istəyirsə, daxili işlər naziri bunu adi qovulma proseduru çərçivəsində etməlidir", - deyə hakimin bəyanatında qeyd edilib.
Xatırladaq ki, Fransa daxili işlər nazirinin qərarı ilə Əlcəzairə məcburi göndərilən Bualem Naman Əlcəzair səlahiyyətliləri tərəfindən dərhal geri qaytarılıb. Fransaya qayıtdıqdan sonra Paris İnzibati Məhkəməsi onun təcili qovulmasını dayandırıb.
"Dualem" kimi tanınan influenserin işi son həftələrdə Fransa və Əlcəzair arasında artan gərginlik kontekstinin bir hissəsidir.
Daxili İşlər Nazirliyi isə bu işlə bağlı prosedurun davam etdiyini bildirib.