Futbol üzrə U-17 Liqasının qalibi məlum olub
Bakı, 26 may, AZƏRTAC
AFFA-nın təşkil etdiyi futbol üzrə U-17 Liqasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 2017/2018-ci il mövsümünün qalibi “Qəbələ” komandası olub. Mövsümün sonuncu turunun oyunundan sonra Qəbələ şəhər stadionunda liqanın qalibinə qızıl medal və kubok təqdim edilib. “Səbail” gümüş, “Neftçi” bürünc medallara sahib olub.
Gümüş və bürünc medalların sahiblərinə mükafatlar AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə təqdim edilib.
Liqanın ən yaxşı qapıçısı adına “Qəbələ” komandasından Elməddin Sultanov layiq görülüb. Mövsümün ən yaxşı oyunçusu “Səbail”dən Xəlil Bəşirov, ən məhsuldar oyunçu isə 33 qolla “Sumqayıt”ın üzvü İbrahim Novruzov olub.
Komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.