Füzuli və Cəbrayıl rayonlarının işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiyaya dəstək olmaq üçün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İctimai Birlik tərəfindən hazırlanmış və birliyin rəsmi www.virtualkarabakh.az portalında, “YouTube” (www.youtube.com/virtualkarabakhtv) kanalında və rəsmi “Facebook” səhifəsində (www.facebook.com/virtualkarabakh/) Füzuli, Cəbrayıl rayonlarının işğalının acı nəticələri ilə bağlı məlumatlar paylaşılır, 3D qrafik təsvirli filmlər, infoqrafikalar və digər foto və video materiallar nümayiş etdirilir. Həmin təbliğat materiallarını verilmiş səhifələrə daxil olaraq müvafiq həştəqlərdən istifadə etməklə sosial şəbəkələrdə fəal şəkildə paylaşmaq mümkündür.