Füzulidə 32 ildən sonra ilk Su çərşənbəsi - məktəblilərin sevinci
Füzuli, 27 fevral, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunan bütün ərazilər kimi, Füzuli şəhərində də həyat öz axarına qayıdıb. İndi Füzuli sakinləri illər sonra Su çərşənbəsini məhz öz doğma yurdlarında adət-ənənələri üzrə qeyd edirlər. Bayram ab-havası məktəbliləri də sevindirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzulidə Su çərşənbəsi 32 ildən sonra yenidən məktəblilər tərəfindən qeyd olunur. Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə Novruz çərşənbələrinin keçirilməsi üçün tədbirlər planı hazırlanıb.
Sinif otaqlarında adət-ənənələrimizi əks etdirən milli atributlar və əşyalar yer alıb. Məktəblilər milli geyimlərdə dərsə gəliblər. Şagirdlər tərəfindən hazırlanan səhnəciklər maraqla qarşılanıb. Şagirdlərə Su çərşənbəsi, eləcə də illər öncə Qarabağda keçirilən Novruz adət-ənənələri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, hazırda Füzuli şəhər məktəbində 450-yə yaxın şagird təhsil alır.