Füzulinin Babı kəndində “Şəhidlər unudulmur” abidəsi açılıb VİDEO
Füzuli, 29 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunun Babı kəndində şəhidlərin xatirəsinə inşa edilən “Şəhidlər unudulmur” abidə kompleksinin açılışı olub.
Mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, rayon ictimaiyyəti, Vətən müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Zəfər yürüşündən söhbət açıblar. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu düşmən üzərində parlaq Qələbə qazanaraq 30 illik Vətən həsrətinə son qoydu. Qəhrəman oğullar torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmaqla gələcək nəsillər üçün əsl örnək oldular.
Sonra abidə kompleksinin açılışı olub. Şəhidlərin xatirəsi yad edilərək, dualar oxunub.
Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, abidə kompleksində Babı kəndinin Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və Vətən müharibəsində canlarından keçən şəhidlərinin fotoları öz əksini tapıb.