GƏLƏN İL BƏDİİ GİMNASTİKA ÜZRƏ AVROPA ÇEMPİONATI BAKIDA KEÇİRİLƏCƏK
AGİ-nin Bakıya gələn nümayəndə heyətinə təşkilatın direktoru Manfred Kuxt və Avropa Gimnastika İttifaqının Bədii Gimnastika üzrə texniki komitəsinin prezidenti Hayde Bruneder daxil idilər.
Qonaqlar Avropa çempionatı təşkilat komitəsinin üzvləri ilə görüşmüş, bir sıra texniki məsələləri, o cümlədən yarışların teleyayımı məsələsini müzakirə etmişlər. Əldə edilmiş razılaşmaya görə, Avropa çempionatının əsas teleyayımçısı Lider kanalı olacaqdır. Çempionatın təşkilat komitəsinin ştatı, yarışların açılışı və bağlanışı mərasimləri ilə bağlı məsələlər də nəzərdən keçirilmişdir.
AGİ-nin nümayəndə heyəti gənclər və idman naziri Azad Rəhimovla da görüşmüşlər. Qonaqlar çempionat iştirakçılarının, hakimlərin, AGİ rəhbərliyinin, xarici mətbuat nümayəndələrinin qalacaqları mehmanxanalara, qitə birinciliyinin keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baxmışlar.
Mətbuat xidmətindən bildirmişlər ki, AGİ rəhbərliyi ötən il Bakıda bədii gimnastika üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd etmiş və ümidvar olduğunu söyləmişdir ki, qarşıdakı Avropa birinciliyi daha yüksək səviyyədə keçiriləcəkdir.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Bakının Avropa çempionatının ev sahibi kimi seçilməsindən məmnun qaldığını bildirərək demişdir: “Seçim Azərbaycanın xeyrinə edildi, halbuki Ukrayna, İspaniya və Türkiyə kimi digər namizədlər də vardı”.
Gözlənildiyinə görə, Avropa çempionatında 33 dövlətdən idmançılar iştirak edəcəklər. Çempionatda həm yeniyetmələr (qrup çıxışı), həm də yaşlı gimnastlar (fərdi çıxış) mübarizə aparacaqlar.
AGİ-nin nümayəndə heyəti çempionatın püşkünün atılması mərasimini keçirmək üçün gələn ilin martında Azərbaycana gələcəkdir.