Gəmilərə nəzarət və sularda xilasetmə məsələlərinə həsr olunan toplantı keçirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “2025-ci il ərzində görülən işlərin təhlili və qarşıda duran vəzifələr” mövzusunda tədris-metodiki toplantı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplantıda çıxış edən xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov ötən il ərzində ölkəmizdə daxili dəniz və ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, suda boğulma hadisələrinin nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra xidmətin struktur bölmələrinin rəhbərləri müvafiq sahələr üzrə hesabat xarakterli çıxışlar ediblər.
Toplantının yekununda insanların sularda təhlükəsizliyi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.