GƏNC ƏDİBLƏR MƏKTƏBİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 1-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Gənc Ədiblər Məktəbinin açılışı olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin himayəsi ilə yaradılan yeni təşkilata respublika Yazıçılar Birliyinin katibi, “525-cı qəzet”in baş redaktoru Rəşad Məcid başçılıq edir.
Kitabxananın nəzdində fəaliyyət göstərəcək məktəbin açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirmişdir ki, məktəbin yaradılması ideyası iki il əvvəl ortaya çıxmışdır. Yeni təhsil ocağı istedadları üzə çıxarmaq və onların inkişafını təşviq etmək məqsədi ilə yaradılmışdır. Sirr deyil ki, həm ölkəmizdə, həm də yaxın xaricdə ədibiyyatçılar öz auditoriyasını itirmişlər. Odur ki, məktəbin həm müəllimlərinin, həm də dinləyicilərinin strateji vəzifəsi oxucuların kitaba sevgisini bərpa etməkdir. Bu baxımdan, Mədəniyyət və Turizm Nazirliyi uzunmüddətli layihənin təkcə təşkilatçısı deyil, həm də onun dəstəklənməsinin təminatçısıdır.
R.Məcidin sözlərinə görə, məktəbin dinləyiciləri və tanınmış Azərbaycan yazıçıları (ədiblər, şairlər, dramaturqlar, tənqidçilər) ustad dərsləri keçmək üçün ayda bir dəfə toplaşacaqlar. Gənc ədiblərin üzləşdiyi çətinliklər, yaradıcılıq prosesində ortaya çıxan məsələlər məşğələlərin gedişində müzakirə olunacaqdır. Bir il müddətinə nəzərdə tutulan ustad dərslərinin sonunda ən yaxşı əsərlər ayrıca kitab kimi, eləcə də nəşr, poeziya və publisistika antologiyaları şəklində dərc ediləcəkdir. Dram əsərlərinə teatrlara tövsiyə olunmaq üçün Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində baxılacaqdır.
R.Məcid demişdir ki, məktəbin yaxın müddət üçün planına dinləyicilərin festivallarda iştirakı, televiziya kanallarında çıxışlar daxildir. Təhsil müddətinin sonunda məzunlara sertifikatlar veriləcəkdir. Gələcəkdə məktəbi yaradıcılıq universiteti səviyyəsinədək genişləndirmək nəzərdə tutulmuşdur.