GƏNC QƏLƏM SAHİBİNİN İLK KİTABIİŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Psixoloji səpgili povest və hekayələrin daxil olduğu kitaba Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov “Ön söz” yazmışdır. Burada nəşrdəki əsərlər ətraflı şəkildə müqayisəli təhlil edilmiş, N.Dəmirçioğlunun yaradıcılıq və sənətkarlıq keyfiyyətləri ümumiləşdirilmişdir.
Kitabdakı psixoloji çalarlarla zəngin povest və hekayələri nəzərdən keçirərkən oxuçular gənc yazıçının dərin müşahidə qabiliyyətinə, mürəkkəb insan xarakterləri yaratmaq bacarığına heyranlığını gizlədə bilmir. Əsərlərdə çağdaş dünyamızın çeşid-çeşid insanlarını, bu obrazların ruhunda, mənəviyyatında baş verən aşınmaları, təbəddülatları görən, dərk edən oxucu istər-istəməz özü də düşüncələr aləminə qapılır.
Ədəbiyyatşünas Rüstəm Kamalın “Natəvan Dəmirçioğlunun metafizikası” adlı “Son söz əvəzi” də gənc nasirin əsərlərinin, fikrinin oxucular tərəfindən düzgün dərk olunmasında bələdçi rolunu oynayır. Kitabda verilmiş povestlərin ikisindən (“Üç nöqtə”, “Yetim”) söz açılan məqalədə deyilir ki, bu əsərlərin alt qatlarında: Mən də ölə bilərəmmi? Ölüm qaçılmaz əmrdirmi? Ümumiyyətlə, ölüm nə olan şeydir və sair kimi metafizik suallara cavab axtarılır. Yazıçının isə bizə demək istədiyi cavabın bir variantı var: yazmaq ölməyi öyrənmək deməkdir, ölümü ömrə çevirməyin bədii-estetik üsuludur. Yazıçının ustalığı ondadır ki, qəhrəmanlarının ölüm tragizminə göz yuma bilir. Yuxular, ilğımlar, qarabasmalar, ömür və ölüm məkanının sərhədlərini ayırır, povestlərin strukturunu, süjet təkamülünü müəyyənləşdirir.
Kitaba AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, mərhum professor Azadə Rüstəmova, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı rəy vermişlər. Redaktoru Mustafa Çəmənlidir.