MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı yeni premyera ilə balaca tamaşaçılarını sevindirib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olub. Belə ki, sənət ocağının yaradıcı kollektivi Azərbaycan teatr tarixində ilk dəfə satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver cırtdanlar ölkəsində” əsərinə müraciət edərək fərqli yozumda səhnələşdirib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada kukla elementlərindən istifadə olunaraq satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla balaca tamaşaçılara təqdim olunub.
Çoxlu məzəli oyunlar və hadisələrlə zəngin tamaşa hərəkətli dekorasiyası, gözəl rəqsləri, musiqisi, hər şeydən öncə isə çox maraqlı aktyor ifası ilə izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, plastika üzrə iş Ceyhun Dadaşova məxsus tamaşa darda olanlara kömək etməyi, mərhəmətli olmağı, vətənpərvərlik hisslərini təlqin edir. Əsərdə Əməkdar artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva, Nuriyyə Əliyeva və başqaları iştirak edib.