Gəncə Dövlət Dram Teatrının əməkdaşları V Maltəpə Beynəlxalq Teatr Festivalında iştirak ediblər
Gəncə, 16 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 11-15-də İstanbulda Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı ilə keçirilən V Maltəpə Beynəlxalq Teatr Festivalında rejissor Tural Mustafayevin quruluşunda E.İoneskonun “Kral ölür” tamaşası ilə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda teatrın direktoru Aqil Bəhramlı beynəlxalq münsiflər heyətinin tərkibində yer alıb. Avrasiya Teatrlar Birliyinin Azərbaycan üzrə təmsilçisi, teatrın aktyoru Yusif Cəfərov birliyin toplantısında ölkəmizi təmsil edib.
Festivalın mükafatlandırma mərasimində “Ən yaxşı kişi aktyoru nominasiyasına” adıçəkilən tamaşada Kral Beranje roluna görə əməkdar artist Elxan Abbasov layiq görülüb.
Tamaşada əsas rolları əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova və aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov ifa ediblər.