Gəncədə Cavad xanın xatirəsi anılıb
Gəncə, 4 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə 1804-cü ildə Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı apardığı döyüşlərdə qəhrəmancasına həlak olan Cavad xanın xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.
Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Cavad xan Tarix və Mədəniyyət Fondunun Birinci vitse-prezidenti Müzadil Həsənov, Milli Məclisin deputatı Naqif Həmzəyev və digər şəhər rəsmiləri iştirak ediblər.
Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ictimaiyyət nümayəndələri və şəhər sakinləri anım mərasiminə qatılmayıblar.
Qeyd edək ki, mənbələrdə, xüsusən də Azərbaycan müstəqillik əldə etdikdən sonra yazılmış tarixi tədqiqat əsərlərində 1747-1804-cü illərdə Gəncə xanlığının keçdiyi tarixi inkişaf yolu, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını bürüyən dərin sosial-iqtisadi, siyasi böhranın kökləri və xanlıqların üzərini alan işğal təhlükəsi tarixi faktlarla öz əksini tapıb.
Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, imperiya qoşununun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Çar imperiya qoşununun çoxsaylı həmlələrindən sonra Gəncə şəhəri 1804-cü il yanvarın 4-də işğal edilib. Gəncənin yadellilərdən müdafiəsində Cavad xanın oğlu Hüseynqulu bəy, ailə üzvləri və 1500 nəfərədək gəncəli mətanətlə vuruşaraq şəhid olub, 17224 nəfər dinc sakin əsir götürülüb.
Cavad xan çar imperiyası qoşunlarına qarşı mərdliklə mübarizə apararaq, Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən birini yazıb. Odur ki, düşmən əsarətinə qarşı əyilməzlik və mübarizlik rəmzi kimi Cavad xanın xatirəsi nəinki gəncəlilər, eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla anılır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın məzarı üzərində tarixi üslubda türbə inşa olunub, Gəncənin ən qədim küçə və qəsəbələrindən birinə onun adı verilib.