GƏNCƏDƏ DAHA BİR NÜMUNƏVİ MƏHƏLLƏNİN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Gəncədə daha bir nümunəvi məhəllənin açılışı olmuşdur.
Dördüncü mikrorayonda yaradılmış nümunəvi məhəllənin açılışı zamanı sakinlər şəhər rəhbərləri ilə açıq dialoqa girərək əldə olunan uğurlar və həlli vacib məsələlər barədə arzu və təkliflərini bildirmişlər. Şəhər rəsmiləri sakinləri maraqlandıran suallara aydınlıq gətirmişlər.
Çıxış edən mikrorayon sakinləri abadlıq və quruculuq işlərinin mərkəzdən məhəllələrə doğru irəliləməsini inkişafın yeni mərhələsi adlandırmış, bütün bunları Azərbaycan dövlətinin Gəncəyə xüsusi diqqət və qayğısından irəli gəldiyini qeyd etmişlər.
Sonra məhəllədə yaradılmış mini futbol meydançasında “Sevinc” kubokunun qaliblərinə mükafatlar təqdim olunmuşdur.
Mərasim incəsənət ustalarının konserti ilə başa çatmışdır.