Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb
Bakı, 21 avqust, AZƏRTAC
Gəncə şəhəri ərazisində bir neçə evdən oğurluq edən şəxs Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Quliyev 2019-cu il aprelin 3-də evlərdən birinə gizli yolla daxil olaraq 1500 manat dəyərində televizor oğurlayıb. Bundan başqa, o, Gəncədəki xəstəxanaların birindən 1000 manat dəyərində kompüter, 350 manat dəyərində printer və 1790 manat dəyərində müxtəlif dərman preparatlarını oğurlayıb. R.Quliyev ötən il mayın 7-də şəhər ərazisindəki mənzillərin birindən 2300 manat dəyərində iki televizor oğurlayıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Quliyevin 2019-cu ilin iyununda daha bir mənzilə daxil olaraq oradan 400 manat dəyərində televizor oğurlaması da aşkarlanıb.
R.Quliyev maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırma aparılır.