CƏMİYYƏT
Gəncədə fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Gəncədə fəaliyyət göstərən çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Bu barədə AZƏRTAC-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, agentliyin əməkdaşları nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 360A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı çörək istehsalı müəssisəsinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, istifadə olunan alət, avadanlıq və ləvazimatların müvafiq şəraitdə saxlanılıb dezinfeksiya edilmədiyi, işçi heyətin xüsusi geyim vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.