Gəncədə saxta pul hazırlayan şəxslər tutulub
Bakı, 11 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə şəhər ərazisində fəaliyyət göstərən mağazalardan birinə saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, saxta əsginası dövriyyə buraxmaqda şübhəli bilinən Samux rayonunun Çobanabdallı kənd sakinləri - əvvəllər məhkum olunmuş Elvin Məmmədov, habelə Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə şəhər sakini Vasif Tağızadə rayon polis idarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində V.Tağızadənin kirayəyə götürdüyü mənzilə baxış keçirilib. Oradan saxta pul hazırlayan çap vasitələri, həmçinin 100 və 50 manatlıq saxta əsginaslar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.