REGİONLAR
Gənclər Babək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc Nehrəm qəsəbəsi və Araz kəndində yaşayan şəhid ailələrini ziyarət ediblər.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbir iştirakçıları şəhidlərimiz - leytenant Ümid Məmmədovun, MAXE-əsgər Elvin Teymurovun və leytenant Ümid Niftəliyevin ailə üzvləri ilə görüşüb, onların keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar.
Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda, vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.
Gənclərə şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri şəhidlərimizlə bağlı xatirələrini bölüşüblər.