“GƏNCLƏR PREZİDENT İLHAM ƏLİYEVİN UĞURLU İQTİSADİ SİYASƏTİNİ DƏSTƏKLƏYİR” DEVİZİ ALTINDA AKSİYAYA START VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzi İctimai Birliyi (GMİB) Gənclər üçün Təhsil Mərkəzi ilə birgə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü və 2007-ci ilin Gənclər ili elan edilməsi münasibətilə “Gənclər Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətini dəstəkləyir” devizi altında Füzuli rayonunun Horadiz qəsəbəsində aksiya keçirmişdir.
Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov və GMİB-nin sədri Babək Mehdiyev çıxış edərək ölkəmizdə aparılan quruculuq işlərinin, iqtisadi uğurların Füzuli rayonundan da yan ötmədiyini bildirmişlər. Rayonda aparılan iqtisadi inkişafdan söz açan natiqlər vurğulamışlar ki, ötən dövr ərzində Haramı adlanan sahədə 2100 ev tikilmiş, Horadiz qəsəbəsi və Araz boyu kəndlərdə 4 minə yaxın ev təmir edilmişdir. Rayonun inzibati qurumları bütövlükdə işğaldan azad edilmiş əraziyə köçürülmüşdür. Cari ildə rayon ərazisində 2100 yeni yaşayış binası tikiləcəkdir.
Diqqətə çatdırılmışdır ki, rayon ərazisində yaxın vaxtlarda 10 min hektara yaxın ərazidə üzüm bağları salınacaq və bunun da nəticəsində yüzlərlə adam işlə təmin ediləcəkdir. Həmçinin rayonda 50 yerlik diaqnostika mərkəzinin tikintisinin nəzərdə tutulduğu, yuxarı Qarabağ kanalının Balabəhmənli kəndindən keçən hissəsində 20 meqavat gücündə su elektrik stansiyasının tikilməsinin planlaşdırıldığı söylənilmişdir.
Bildirilmişdir ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində böyük iqtisadi inkişafa nail olmuşdur.
Regionlarda yaşayıb fəaliyyət göstərən gəncləri ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proseslərinə daha fəal cəlb etmək məqsədi ilə həyata keçirilən aksiyada tanınmış muğənnilər geniş musiqi proqramı ilə çıxış etmişlər.