Gənclər təşkilatları əməkdaşlıq memorandumu imzalayıb
Bakı, 22 fevral, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi birgə fəaliyyət çərçivəsində regionlarda maarifləndirici tədbirlərin keçirilməsi, mövcud resursların istifadəsinin səmərəliliyini artırmaqdır.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə rəhbərlik etdiyi təşkilatın regional ofislərində Aqrar könüllüləri ilə birgə çalışdıqlarını vurğulayaraq, yaxın müddətdə bu istiqamətdə regional forumların keçiriləcəyini bildirib.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının rəhbəri Sarvan Cəbrayılzadə gənclər təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulmasının önəmindən danışaraq, Gənclər üçün Təhsil Mərkəzi ilə imzalanacaq memorandumun birgə fəaliyyətə töhfə verəcəyinə əminliyini ifadə edib.
Çıxışlardan sonra memorandum imzalanıb.