“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qalibləri mükafatlandırılıb YENİLƏNİB
Bakı, 26 dekabr, Elvira Məmmədova, AZƏRTAC
“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırılma dekabrın 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkil etdiyi konfrans çərçivəsində həyata keçirilib.
Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları, dövlət qurumlarının nümayəndələrinin iştirak etdikləri konfransın məqsədi 2017-ci ildə İKT və elektron hökumət sahəsi üzrə gənclərə yönəlmiş layihələrin yekunlaşdırılması, “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qaliblərinin elan edilməsi və gənclər təşkilatları ilə müzakirələrin aparılması olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov nazirliyin cari ildə İKT və yüksək texnologiyalar sahəsində həyata keçirdiyi iri layihələrdən danışıb.
Qeyd edilib ki, ölkəmizdə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasına və onlardan istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayrılır. Gənclər arasında elektron hökumət həllərindən istifadənin təbliği bu istiqamətdə həyata keçirilən əsas işlərdən hesab edilir.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev qalibləri təbrik edib, onlara yeni uğurlar arzulayıblar. Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçirdiyi bu müsabiqə gənclərdə elektron hökumət sahəsinə marağın oyadılması və bu sahə ilə məşğul olan təşkilatların əməyinin qiymətləndirilməsi məqsədi daşıyır.
Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəklədiyi maarifləndirici layihələrin və Gənclər Fondunun İKT sahəsi üzrə maliyyələşdirdiyi layihələrin hesabat təqdimatları olub.
Qeyd edilib ki, dörd nominasiyada keçirilən müsabiqəyə 100-ə yaxın layihə təqdim olunub.
Konfrans çərçivəsində “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Belə ki, “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı təşkilat nominasiyası üzrə - “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyi, “Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyası üzrə “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi, “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs nominasiyasında “Elektron Hökumət”in təbliği üzrə interaktiv dərs vəsaitinin müəllifi Ofeliya Mazanova, “Dövlət xidmətlərinin elektronlaşdırılması və “www.e-gov.az” portalının inkişafı üzrə ən yaxşı təklif” nominasiyası üzrə “Biznes mühitinin Elektron hökumət portalına inteqrasiyası” təklif layihəsi ilə Orxan Kərimov birinci yerə layiq görülüb.
Konfransın sonunda gənclər təşkilatlarının “Elektron hökumət” sahəsi üzrə maraqlandığı mövzular ətrafında müzakirələr aparılıb və təşkilatların informasiya cəmiyyətinin inkişafına verdiyi töhfənin artırılması üçün tövsiyələr hazırlanıb.