Gənclər və İdman naziri vətəndaşların onlayn qəbulunu keçirib
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 20-də Gənclər və İdman naziri Azad Rəhimov Mingəçevir şəhərindən, Ağdaş, Ağsu və Göyçay rayonlarından olan vətəndaşların təklif və şikayətlərini onlayn qaydada dinləyib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda 20-yə yaxın vətəndaş iştirak edib. Gənclərin müraciətləri əsasən könüllülük, rəssamlıq, Qarabağ həqiqətləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün bir sıra onlayn platformaların yaradılması, layihələrin gerçəkləşdirilməsi istiqamətində nazirlik tərəfindən dəstəyin göstərilməsi məsələləri ilə bağlı olub. Həmçinin fəxri adların, idman zallarına lazımi avadanlığın verilməsi, Ağdaşda Gənclər Mərkəzinin, Ağsuda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı da qəbulda müraciətlər səsləndirilib.
Nazir Azad Rəhimov vətəndaşların suallarını cavablandırdıqdan sonra gənclərə müraciət edərək onların bu dövrdə bacardıqları qədər yaradıcı olmalarının, müxtəlif layihələr üzərində çalışmalarının vacibliyini bildirib. Məhz karantin dönəmi bitdikdən və layihələrin icrasına başlanıldıqdan sonra bunun onların inkişafına dəstək verməklə yanaşı, çox böyük yeniliklərə də təkan vermiş olacağı qeyd edilib.