Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, Şuranın üzvləri əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunub.
İclasda İctimai Şuranın sədri Azər Əliyev gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Gündəlik səs çoxluğu ilə qəbul edilib. Öncəki iclasda Şura üzvləri tərəfindən səsləndirilən təkliflər əsasında tərtib olunan fəaliyyət planı müzakirəyə çıxarılıb. Şuranın fəaliyyət planına əlavə düzəliş və qeydlər edilib.
Gündəlikdə duran digər məsələ isə İctimai Şura üzvləri tərəfindən təklif olunan Şuranın ikinci sədr müavini vəzifəsinə seçkilərin keçirilməsi olub. Şuranın sədr müavinliyinə Azərbaycan Karate-Do Assosiasiyası İdarə Heyətinin üzvü Arif Məmmədovun namizədliyi irəli sürülüb. A.Məmmədov səsvermə nəticəsində Şuranın sədr müavini seçilib.
İctimai Şuranın üzvləri tərəfindən səsləndirilən təkliflər əsasında gənclər və idman sahələri üzrə olmaqla iki işçi qrupu yaradılıb. İdman sahəsi üzrə işçi qrupunun rəhbəri vəzifəsinə səs çoxluğu ilə “Ağsu” idman klubunu təmsil edən Elnur Alıyev seçilib. Gənclər sahəsi üzrə işçi qrupuna rəhbər isə “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev seçilib.
İclasın yekununda səsləndirilən təklif və iradlar dinlənilib, cari məsələlər müzakirə edilib.
İctimai Şuranın iclasında Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev iştirak edib.