GƏNCLƏRƏ HEYDƏR ƏLİYEVİN İRSİ ÖYRƏDİLİR, İDEYALARI AŞILANIR
Filialın direktoru Əlizadə Nəcəfov AZƏRTAC-ın müxbirinə demişdir ki, ilk növbədə, tələbələrə bu fikri aşılayırıq ki, müəllimlik peşəsinin sirlərinə yiyələndikləri bu təhsil ocağı dahi rəhbərin mənəvi övladıdır. Axı, Azərbaycan Müəllimlər İnstitutu, onun filialları, o cümlədən Ağcabədi filialı ulu öndərimiz Prezident Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli Fərmanı ilə təsis edilmişdir. Yeri gəlmişkən, bu filial 30 ilə yaxın müstəqil institut olmuş Xankəndi Pedaqoji İnstitutunun maddi bazası əsasında yaradılmışdır. Görkəmli dövlət xadiminin ömrü boyu təhsilə qayğı göstərib, müəllimlərin himayədarı olduğunu tələbələrin nəzərinə çatdırırıq. Ümummilli liderimizin “Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da, çox qiymətlidir” sözlərini filialın professor-müəllim heyəti fəaliyyət proqramı kimi qəbul etmiş, həqiqi müəllimlər yetişdirmək üçün səylərini əsirgəmədən, aktual pedaqoji mövzular üzrə tədqiqat işləri aparırlar. Hər il müəllimlərimizin elmin müxtəlif sahələrinə aid kitabları, məqalələri, digər elmi tədqiqat işləri nəşr edilir. Elmi yaradıcılıq hesabatlarının dinlənilməsi ənənə halını almışdır. Müntəzəm keçirilən elmi-praktik konfranslarda başlıca məqsədimiz Azərbaycan tarixinin Heydər Əliyev dövrünü tələbələrə dərindən öyrətməkdir. Dünya şöhrətli siyasətçinin illər boyu milli-mənəvi dəyərlərə, təhsilə, elmə, o cümlədən pedaqoji-psixoloji fikrin inkişafına, ana dilimizə göstərdiyi qayğısını əks etdirən məruzələr dinlənilir, müasir Azərbaycan tarixinin ən böhranlı məqamlarında ümummilli liderimizin xilaskarlıq missiyasını yerinə yetirməsi xüsusi qabardılır. Tələbələrə bu həqiqət aşılanır ki, müstəqil Azərbaycan dövlətçiliyinin mövcudluğu, onun beynəlxalq aləmdə tanınması, ölkəmizin iqtisadiyyatının inkişafı məhz xalqımızın böyük oğlunun xidmətləridir. Gənclər əmindirlər ki, ümummilli liderimizin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz bərpa olunacaq, qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Filialın kollektivi daha bir arzusunu ölkə Prezidenti İlham Əliyevlə bağlayır: gec-tez onlar Azərbaycanımızın gələcəyi, dövlətçiliyimizin möhkəmlənməsi naminə Qarabağ Universitetində fəaliyyət göstərəcəklər.
Direktorun sözlərinə görə, bu il təhsil ocağına əlavə iki ixtisas - tarix və riyaziyyat ixtisasları üzə tələbə qəbulu elan edilmişdir. Bu, kollektivin məsuliyyətini daha da artırır.