GERO ŞLİSS: FİRƏNGİZ ƏLİZADƏ AZƏRBAYCANIN MƏDƏNİYYƏT ELÇİSİDİR
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Bonnun ən böyük salonunda – dünya klassik musiqisinin ən yaxşı əsərlərinin səsləndirildiyi 2300 yerlik Bethovenhollda Praqa Opera Teatrının baş dirijoru Leoş Zvarovskinin idarəsi ilə Bonn simfonik orkestri İohann Bramsın “Rekviyem”ini, habelə Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Violençel və orkestr üçün konsert”ini ifa etmişdir. Tələbkar alman dinləyiciləri soydaşımızı hərarətlə alqışlamışlar. Onların artıq çoxdan tanıdıqları bəstəkarın yaradıcılığına maraq o qədər böyük idi ki, Bonn Simfonik Orkestrinin Dostları Cəmiyyətinin təşəbbüsü ilə konsertdən sonra Firəngiz xanımla görüş təşkil edilmişdir. Bu görüşü aparan “Alman dalğası” radiostansiyasının redaktoru Gero Şliss demişdir: “Xanım Əlizadə, siz öz ölkənizin mədəniyyət elçisisiniz. Sizin sənətiniz Azərbaycanın musiqi mədəniyyətinin nə qədər yüksək olduğu barədə bizim hamımızda aydın təsəvvür yaradır”.
Görüşdə bəstəkara həm musiqi, həm də siyasətlə bağlı çoxlu sual verilmişdir. Bu konsertə məxsusi olaraq gəlmiş Köln Konservatoriyasının professoru, bəstəkar K.Meyer televiziyaya müsahibəsində demişdir:”Mən Azərbaycan bəstəkarının yaradıcılığını yüksək qiymətləndirirəm və zəmanəmizin ən istedadlı musiqiçilərindən biri olan Firəngiz Əlizadənin əsərini bir vaxt ifa etməyimdən qürur duyuram. Hər dəfə Əlizadənin yeni əsərləri ilə tanış olduqda onun yaradıcılığının daha bir maraqlı səhifəsini açırsan. Bonnda verilən konsert bunu təsdiq etdi”.
Xatırladaq ki,xalq artisti, professor Firəngiz Əlizadə əsərləri Avropanın ən tez-tez ifa olunan bəstəkarlarından biridir. Bunu demək kifayətdir ki, Bonn konsertindən başqa, Fransaya qastrol səfərinə çıxan Savoy Kamera Orkestri F.Əlizadənin simli orkestr üçün “Oasis” əsərini (yeni redaksiyada) təkcə noyabrda üç dəfə ifa etmişdir. Bu ay isə Azərbaycan bəstəkarının kamera musiqisi Amerikada – Çikaqo, Vaşinqton, Nyu-York şəhərlərində səslənmişdir.