GİMNASTLARIMIZ BERLİNDƏ BÜRÜNC MEDALLAR QAZANMIŞLAR
Yığmamızın məşqçisi Natalya Nərimanova demişdir: “Komandanın inkişafı göz qabağındadır və getdikcə özünü daha güclü büruzə verir. Lakin qeyri-dəqiqliklər hələ çoxdur və biz onları aradan qaldırmaq üçün xeyli işləməliyik. Qarşıda noyabr ayında Yaponiyada keçiriləcək Dünya kuboku yarışlarının final mərhələsi var. Orada lentlə çıxış edəcəyik”.
Aliyə Qarayevanın bürünc medal qazanmaq üçün cəmi mindəbir balı çatışmamışdır. O, topla final yarışında ukraynalı Natalya Qodunko ilə eyni, 16,6 bal toplamış, lakin əmsal cədvəlində 4-cü yeri tutmuşdur. Aliyə iplə 6-cı, gürz və lentlə isə 7-ci nəticə göstərmişdir.
Anna Qurbanova yalnız gürzlə yarışmada finala çıxmış, 8-ci yeri tutmuşdur. Çoxnövçülükdə isə 10-cu nəticə göstərmişdir.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, AGF-nin vitse-prezidenti Altay Həsənov başda olmaqla federasiyanın nümayəndə heyəti Beynəlxalq Gimnastika Federasiyasının (FİG) oktyabrın 26-31-də Cenevrədə keçiriləcək 76-cı konqresində iştirak edəcəkdir. Konqresdə üzv ölkələrdə gimnastikanın inkişafına xüsusi diqqət yetirəcəklər. FİG hər bir ölkənin imkanlarını öyrənir, gimnastika mədəniyyətinin inkişafını izləyir və kömək göstərməyə çalışır.