GİMNASTLARIMIZ DÜNYA KUBOKU YARIŞLARININ FİNALINA HAZIRLAŞIRLAR
Yığmamızın məşqçisi Natalya Nərimanova demişdir: “Biz lentlə hərəkətlərə daha çox diqqət yetirəcəyik. Çünki komandamız Yaponiyada məhz lentlə çıxış edəcəkdir. Zənnimcə, həmkarım Natalya Dmitrova ilə bu hərəkətləri mürəkkəbləşdirmişik. Bir qədər artistlik və texniki komponent əlavə etmək lazımdır. Lakin bu o demək deyildir ki, halqa və gürzlə ikinci təmrini təkmilləşdirmək istəmirik. Gələn il lentlə hərəkətləri əvəzləyəcək iplə təmrinlər üzərində də işləyirik. Bu təmrinləri Avropa və dünya çempionatlarında, habelə, Allah qoysa, Olimpiya oyunlarında təqdim etmək niyyətindəyik”.
Respublika Olimpiya İdman liseyində isə idman gimnastikası üzrə Bakı çempionatı başa çatmışdır. Turnirdə Mərkəzi Ordu İdman Klubundan, lisey və gimnastika məktəbindən 30-dan çox idmançı yarışmışdır. Çempionların hamısı mütləq hesabın nəticələrinə əsasən müəyyən edilmişlər.
İdman ustaları arasında birinci yeri bu yaxınlarda Danimarkada keçirilən dünya çempionatının iştirakçısı Teymur Şahlamazov tutmuşdur.
Ustalığa namizədlər arasında ən yaxşı nəticəni Fərrux Dadaşov göstərmişdir.
Birinci dərəcəli gimnastların yarışında fəxri kürsünün ən yüksək pilləsinə Eldar Cəfərov qalxmışdır.
İkinci dərəcəli idmançıların yarışında Yevgeni Samarkin, üçüncüdərəcəlilərin yarışında isə Emil İsmayılov birinci olmuşlar.
Gimnastlar üçün növbəti sınaq noyabrın axırlarında keçiriləcək Azərbaycan çempionatı olacaqdır.