GİMNASTLARIMIZ YAPONİYADA ÇIXIŞ EDƏCƏKLƏR
Dinara Gimatova, Aliyə Qarayeva, Zeynəb Cavadlı “Neftçi” idman-sağlamlıq mərkəzini təmsil edəcəklər. Ötən il “Neftçi” komandası AEON cup çempionatında 5-ci yeri tutduğuna görə, gimnastlarımız xüsusi dəvət almışlar.
Məşqçilər gimnastlarımızın Yaponiyada uğurla çıxış edəcəyinə ümid bəsləyirlər. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva da gimnast qızlarımıza, xüsusilə yeniyetmə idmançı Zeynəbə uğurlar arzulamışdır.
Çempionatın reqlamentinə görə, Gimatova-Qarayeva tandemi seniorlar, Cavadlı isə yeniyetmələr arasında çıxış edəcəklər. Yarışın ilk günlərində çoxnövçülükdə fərqlənənlər, sonda isə dünyanın ən güclü klubu müəyyən ediləcəkdir.
“Neftçi”nin rəqibləri arasında Rusiyanın “Qazprom”, Ukraynanın “Şkola Deryuginıx”, Belarusun “Dinamo” və Bolqarıstanın “İriana” komandaları var.
Qrup hərəkətləri komandasına daxil olan 5 digər Azərbaycan gimnastı dünya kubokunun finalında çıxış edəcəkdir. Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət komanda isə noyabrın 17-də Yaponiyada xalça üzərinə çıxaraq, 5 lentlə kompozisiya nümayiş etdirəcəklər. Qızlardan ibarət qrup komandamız ilk dəfə dünyanın ən yaxşı komandaları, o cümlədən Avropa, dünya və Olimpiya çempionu Rusiya yığması, dünya çempionları İtaliya və Bolqarıstan yığmaları, habelə Belarus, Çin, İspaniya və Ukraynanın güclü komandaları sırasında yer almışlar.
Xatırladaq ki, ölkəmizin qrup komandası Almaniyada keçirilən ilin digər final yarışmasında 3-cü yeri tutmuşdur.