Gömrük Akademiyası Ukrayna Gömrük və Maliyyə Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Bakı, 16 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Ukrayna Gömrük və Maliyyə Universiteti (UGMU) arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən tədbirdə DGKA-nın rəisi Qulu Novruzov akademiya haqqında məlumat verib. Q.Novruzov Ukrayna ilə Azərbaycan arasında xüsusilə təhsil sahəsindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrdən söz açıb, imzalanan əməkdaşlıq müqaviləsi ilə iki ölkə arasında gömrük təlim-tədrisi üzrə xüsusi tərəfdaşlığın yarandığını vurğulayıb.
O, həmçinin bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ölkə başçısı ilə xalq birliyinin gücü nəticəsində 30 ildən artıq işğalda olan Azərbaycan əraziləri müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub və Bakıda şanlı qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirilib. Bu tarixi qələbə nəticəsində Azərbaycan üçün yeni dövrün başlandığını deyən akademiyanın rəisi bu dövrdə gömrük kadrlarının potensialının gücləndirilməsi və peşəkar hazırlığının əhəmiyyətindən danışıb. Azərbaycanın milli zəfərinin bütövlükdə ali təhsil üçün yeni imkanlar və çağırışlar yaratdığını bildirib.
UGMU-nun rektoru Dmitro Boçarov Ukrayna-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor ikitərəfli akademik əməkdaşlıqda gömrük təhsili və təlimləri üzrə birgə yeni tərəfdaşlıq istiqamətinin yaradılmasını diqqətə çatdırıb, qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluq ifadə edib.
Sonra əməkdaşlıq müqaviləsinin imzalanması həyata keçirilib. Sənədi Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Q.Novruzov və UGMU-nun rektoru D.Boçarov imzalayıblar.
Müqavilə çərçivəsində fakültə və heyət mübadilələri, gömrük təlimləri, gömrük və əlaqədar sahələrdə ixtisasartırma və peşəkar inkişaf, birgə təcrübə proqramları, tədqiqatlar, tədbirlər, akademik və digər informasiya resurslarının paylaşılması, birgə kurikulumların inkişaf etdirilməsi, beynəlxalq və Avropa proqramlarında birgə iştirak, eləcə də beynəlxalq əməkdaşlıqda qarşılıqlı dəstək nəzərdə tutulur.