Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb
Bakı, 19 avqust, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyat hissələrinin və telefon aksesuarlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında ölkəmizdən beynəlxalq tranzit yolu ilə göndərilən, “Qara metallardan metal konstruksiyalar və onların hissələri” və “Qara metallardan qolf meydançaları üçün hissələr” kimi bəyan olunan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalında gömrük baxışı keçirilib. Yoxlama zamanı yüklərin içərisində gömrük nəzarətinə bəyan edilməyən 47 adda avtomobil ehtiyat hissələri və 2400 ədəd telefon aksesuarları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.