ELM VƏ TƏHSİL
GÖRKƏMLİ ALİMİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Görkəmli mətnşünas alim, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Cahanğir Qəhrəmanovun 75 illiyi münasibətilə fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi sessiya keçirilmişdir.
Sessiyanı institutun direktor əvəzi Məmməd Adilov açaraq, alimin həyat və yaradıcılığının əsas məqamlarından ətraflı bəhs etdi. O, əsası keçən əsrin iyirminci illərindən Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Əmin Abid, Əbdüləzəl Dəmirçizadə, Kamran Məmmədov, Əziz Mirəhmədov, Tahir Məhərrəmov kimi alım və tədqiqatçılar tərəfindən qoyulmuş, inkişaf etdirilmiş yeni dövr Azərbaycan mətnşünaslığının zənginləşdirilməsində Cahangir Qəhrəmanovun əvəzsiz xidmələrini xüsusi vurğuladı. Mətnşünas alimin zəngin irsindən söhbət açan natiq dedi ki, C.Qəhrəmanovun hazırladığı və bilavasitə onun yaxından iştirakı ilə işıq üzü görmüş kataloqlar, Kişvəri, Xacə Nəsirəddin Tusi, Əhmədi, Yusif Məddah, Məhəmməd Füzuli, Hüseyn əfəndi Qayıbov kimi bir sıra alım və şairlərimizin əlyazma irsini əhatə edən sanballı kitablar həm ölkəmizdə, həm də xarici ölkələrdə şöhrət tapmışdır.
Filologiya elmləri doktorları Möhsün Nağıyev, Azadə Musayeva, Cənnət Nağıyeva, Şamil Cəmşidov, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov və başqaları sessiyada çıxış edərək, görkəmli alimin 1972-ci ildən başlayaraq ömrünün sonuna kimi Əlyazmalar İnstitutunun direktoru işləməsindən, beynəlxalq konfranslarda, elmi simpoziumlarda ölkəmizi layiqincə təmsil etməsindən söz açdılar, onunla bağlı xatirələrini danışdılar.