MƏDƏNİYYƏT
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi yad olunub
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyi ilə birgə görkəmli mədəniyyət xadimi, xanəndə, bəstəkar və pedaqoq, Xalq artisti Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş “Ustad xatirələrdə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Alla Bayramova çıxış edərək unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açıb.
Qeyd edilib ki, Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. O, milli ifaçılıq sənətinin inkişafına mühüm töhfələr verib, yeni xanəndələr nəsli yetişdirib, eyni zamanda bəstələdiyi mahnı və təsniflərlə musiqi tariximizdə silinməz iz qoyub.
Xanəndənin ifasında “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və başqa muğam və təsniflər Azərbaycan Radiosunun “qızıl fondu”nda qorunub saxlanılır. Əlibaba Məmmədov həm də 100-dən çox mahnı və təsnifin müəllifidir.
Sonra ustad xanəndənin xatirəsinə həsr olunmuş Səadət Təhmirazqızının müəllifi olduğu “Ustad xatirələrdə” kitabının təqdimatı keçirilib və xanəndənin yaradıcılığına həsr olunmuş “Bizim ustad” sənədli filmi nümayiş olunub.
Tədbirdə musiqi ictimaiyyəti - Əlibaba Məmmədovun sənət dostları, tələbələri, muğam ifaçıları, musiqiçilər iştirak etmiş, xanəndə ilə bağlı xatirələrini bölüşüblər. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Əlibaba Məmmədovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.